Müəssisənin qeyri-maddi aktivlərinə təsərrüfat fəaliyyətində uzun müddət istifadə edilən, müəssisəyə gələcək iqtisadi səmərə gətirən aktivlər aiddir. Qeyri-maddi aktivlər fiziki formaya malik olmayan qeyri-monetar aktivlərdir. Mühasibat uçotunun obyektlərindən biri də qeyri-maddi aktivlərdir. Onlar müəssisənin mühasibat balansının aktiv hissəsinə aiddir. Qeyri-maddi aktivlər dövriyyədə olmayan aktivlərin tərkibinə aiddi. Qeyri-maddi aktivlər-fiziki əsası olmayan, uzun müddət (1 ildən çox) istehsalda gəlir əldə etmək üçün istifadə olunan vasitələrdir. Müəssisənin qeyri-maddi aktivlərinə təsərrüfat fəaliyyətində uzun müddət istifadə edilən, gəlir gətirən aşağıdakı aktivləri aid etmək olar:
elm, ədəbiyyat və incəsənət əsərləri;
ixtira, sənaye nümunələri, bazar haqqında bilik, müştəri siyahısı, faydalı modellər, proqram təminatı və ya məlumat bazaları, kinematoqrafik filmlər, ticarət markaları və əmtəə nişanları(brend və nəşr adları daxil olmaqla), seleksiya nailiyyətləri, inteqral sxemlərin topologiyası, məxfi düstur, istehsal sirləri (nou-hau);
torpaq sahələrindən, təbii ehtiyatlardan (sərvətlərdən) istifadə hüquqları, patentlər, françayz, lisenziyalar, inhisar və imtiyaz (üstünlük) hüququ (xüsusi fəaliyyət növünə verilən lisenziyalar da daxil olmaqla);
şirkətin işgüzar nüfuzu, yəni satın alma qiyməti (bütövlükdə əmlak kompleksi kimi) ilə balansda şirkətin bütün aktiv və öhdəlikləri arasındakı fərq (qudvil).
Qeyri-maddi aktivlər uçot və hesabatda onların alınmasına və planlı məqsədlərə işlənməsi üçün düzəldilib yararlı hala salınmasına çəkilən xərclərlə (ilkin dəyərlə) əks etdirilir və istifadə edildikcə onların dəyəri istismar müddətindən asılı olaraq müəssisə tərəfindən müəyyən edilmiş xüsusi köhnəlmə normaları əsasında hər ay köhnəlmə hesablanaraq məhsulun maya dəyərinə, tədavül xərclərinə silinməklə ödənilir. Faydalı istifadə müddətini müəyyən etmək mümkün olmayan qeyri-maddi aktivlər üzrə köhnəlmə normaları 10 il müddətinə müəyyən edilir.
Qeyri-maddi aktivlərin uçotu 38 N-li Beynəlxalq Mühasibat Uçotu Standartına (IAS 38) əsasən aparılır. Bu standarta görə, qeyri-maddi aktivlər fiziki formaya malik olmayan, müəyyən edilə bilən qeyri-pul aktivləridir və üç meyarla müəyyən edilir:
1. Qeyri-maddi aktivin identifikasiyası (müəyyən edilə bilməsi);
Aktiv yalnız aşağıdakı hallarda müəyyən edilə bilmə meyarını ödəyir:
- aktiv müəssisədən ayrıla, həmçinin fərdi qaydada və ya müqavilə, digər aktiv və (və ya) öhdəliklə bərabər xaric оluna (satıla, köçürülə, lisenziyalaşdırıla, icarəyə verilə) bilər və ya;
- aktivin istifadəsi üzrə hüqüqların həvalə edilməsi mümkünlüyü və ya оnların müəssisədən və ya digər hüquq və öhdəliklərdən ayrıla bilinməsindən asılı оlmayaraq, aktiv müqavilə və digər hüquqlardan yarana bilər.
2. Müəssisənin qeyri-maddi aktivə nəzarət etməsi;
3. Qeyri-maddi aktivin müəssisəyə gələcəkdə iqtisadi səmərə gətirməsi.
Aktivlərin Mühasibat balansına qeyri-maddi aktivlər kimi daxil olmasının şərtləri aşağıdakılardır:
1. Obyekt təşkilata gələcəkdə iqtisadi fayda gətirməlidir ( obyekt məhsulun istehsalında istifadə olunaraq işlərin görülməsi və ya xidmətlərin göstərilməsi, idarəetmə ehtiyaclarının ödənilməsi və ya müəssisənin fəaliyətində istifadə olunması məqsədi ilə müəssisənin məqsədlərinə nail olunmasına yönəlməli )
2. Təşkilat iqtisadi fayda əldə etmək hüququna malik ola bilər, hansı ki cari obyekt gələcəkdə iqtisadi səmərə gətirə bilir.
Qeyri-maddi aktivlərin uçotu Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 20 oktyabr 1995-ci il tarixli, İ-94 saylı əmri ilə təsdiq olunmuş «Müəssisələrin mühasibat uçotunun Hesablar Planı və onun tətbiqinə dair Təlimat»a uyğun olaraq aparılır.
0000, 00:00 0000, 00:00