MMC - Məhdud Məsuliyyətli Cəmiyyət ifadəsinin qısaltmasıdır. Nizamnamə kapitalı nizamnamə ilə müəyyən edilmiş miqdarda paylara bölünən bir və ya daha çox şəxs (fiziki və ya hüquqi) tərəfindən təsis edilmiş bir şirkət MMC, yəni Məhdud Məsuliyyətli Cəmiyyət hesab olunur.
Cəmiyyətin iştirakçılarının (məsələn,Direktorlar) müəssisənin öhdəliklərinə görə məsuliyyət daşımamaları MMC-nin əsas üstünlüklərindən biridir. Həmçinin onlar cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları əmlakın dəyəri həddində risk daşıyırlar.
Bunu başqa formada anlatsaq, ticarətlə məşğul olan, məhsul istehsalı edən və xidmət göstərən hər bir kommersiya təşkilatı MMC adlanır. MMC-nin fəaliyyəti zamanı əldə etdiyi gəlir onun təsisçiləri arasında nizamnamə kapitalındakı paya mütənasib olaraq bölünür. MMC-lərin fəaliyyəti Mülki Məcəllə əsasında tənzimlənir.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 87-ci maddəsinə əsasən MMC-nin qeydiyyatı həyata keçirilir. MMC-nin qeydiyyatı termini müstəsna olaraq kommersiya təşkilatlarının MMC – Məhdud Məsuliyyətli Cəmiyyət təşkilati-hüquqi hüquqi formasında qeydiyyatında istifadə edilir. Məhdud Məsuliyyətli Cəmiyyət bir və ya bir neçə şəxs (fiziki və ya hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət sayılır. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları onun öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar. Daha doğrusu, MMC-nin qeydiyyatı anlayışı yalnız hər hansı bir şirkətin yaradılması prosesini deyil, həm də onun MMC formasında təşkilati-hüquqi formasını müəyyən edir.
Belə ki, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən hüquqi şəxsin (şirkət) bir neçə forması nəzərdə tutulmuşdur. Bunlara misal olaraq MMC, ASC, QSC və digər formaları göstərmək olar. Lakin, bunlar arasında ən çox yayılmış forma məhdud məsuliyyətli cəmiyyət, yəni MMC-dir.
MMC-ni hansı formada təsis etmək olar?
Praktikada MMC-ni yaratmağın 2 forması mövcuddur: elektron formada və adi formada. Onlayn qaydada şirkət təsis etmək üçün İnternet Vergi İdarəsinin, yəni https://www.e-taxes.gov.az/ saytına daxil olmaq, “Giriş” bölməsinə keçid etmək, şəxsiyyət vəsiqəsinin FİN kodunu və adınıza qeydiyyatdan keçmiş nömrəni qeyd etmək və telefonunuza gələn kodu qeyd etməlisiniz. Bunun ardınca isə açılan yeni səhifədə “hüquqi şəxsin elektron qeydiyyatı” bölməsini seçməli və açılan səhifədə ərizə formasına müvafiq məlumatları daxil etməlisiniz.Bir digər əsas məsələ isə ondan ibarətdir ki, şirkəti onlayn qaydada qeydiyyatdan keçirən zaman siz eyni zamanda ASAN imza sertifikatı, bank hesabı sifariş verə, o cümlədən əmək müqaviləsi barədə məlumatları sistemə əlavə edə bilərsiniz. Elektron qeydiyyat ərizənizi tamamladıqdan sonra 1 iş günü ərzində MMC-nin təsis sənədləri (Şirkətin nizamnaməsi, reyestrdən çıxarış, VÖEN) Dövlət Vergi Xidməti tərəfindən sizin elektron kabinetinizə göndəriləcək.
Adi qaydada şirkətin təsis edilməsi
MMC-nin adi qaydada təsis edilməsi üçün aşağıda qeyd edilən mərhələlər ardıcıllıqla həyata keçirilməlidir :
Şirkətin hüquqi adının və hüquqi ünvanının müəyyən edilməsi;
Şirkətin təsis edilməsi barədə təsisçilərin qərarını hazırlamaq;
Şirkətin nizamnaməsini hazırlamaq;
Müvafiq qeydiyyat orqanına təqdim etmək üçün Kommersiya hüquqi şəxsinin dövlət qeydiyyatı haqqında ərizə və Təsisçi fiziki və ya hüquqi şəxslər barədə məlumatı hazırlamaq;
Dövlət rüsumunun ödənilməsi;
Şirkətin bank hesabının açılması;
Nizamnamə kapitalının ödənilməsi;
Qeyd edilən sənədləri Kommersiya Hüquqi Şəxslərinin Dövlət Qeydiyyatı İdarəsinə və ya ASAN xidmət mərkəzlərinə təqdim etmək.
Bütün sənədləriniz qaydasında olduğu halda üç iş günü ərzində şirkətin nizamnaməsi, vergi şəhadətnaməsi, yəni VÖEN-i və Kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarış sizə təqdim ediləcəkdir. Bundan sonra, şirkətin nizamnaməsini təqdim etməklə şirkətin rəsmi möhürünü hazırlatdıra bilərsiniz. Şirkəti yaradan zaman və bundan sonrakı mərhələdə ciddi problemlə üzləşməmək üçün hüquqi xidmət almağınızı tövsiyə edirik.
“SAMADOV” Hüquq və Audit olaraq hüquqi şəxslərin qeydiyyatı, vöenə bağlı bank hesabının açılması, portaldan icazələrin alınması, ümumiyyətlə şirkətinizin açılması üçün bütün xidmətləri təklif edirik.