Bildiyimiz
kimi, Azərbaycan Respublikasının Əmək Məcəlləsi, işçilərin hüquqlarını və
sosial təminatını qorumaq məqsədilə bir sıra əhəmiyyətli müddəalardan ibarətdir.
Bu müddəalardan biri də məzuniyyətdir. İşçilərin sosial, təhsil, yaradıcılıq,
ödənişsiz məzuniyyətlərlə yanaşı əsas və əlavə məzuniyyətlərdən ibarət olan əmək
məzuniyyəti hüquqları var.
Əlavə məzuniyyət
işçilərə qanunla müəyyən edilmiş əsas məzuniyyətdən əlavə verilən istirahət
günləridir. Bu məzuniyyətlər işçinin iş şəraiti, əmək funksiyası, iş stajı və
ya ailə vəziyyətindən asılı olaraq dəyişir.
Əmək Məcəlləsi işçilərin əmək hüquqlarını təmin etmək üçün əlavə məzuniyyətlərlə
bağlı bir sıra maddələr müəyyən edib. Əmək məcəlləsinin 115, 116, 117 və 118-1
maddələri bu məzuniyyətlərdən danışır.
1. Zərərli və ağır iş şəraitində çalışan işçilərə əlavə
məzuniyyət:
Əmək Məcəlləsibə görə, zərərli və ya ağır iş şəraitində
işləyən işçilərə əlavə məzuniyyət verilir. Bu məzuniyyətin müddəti işçinin
konkret iş şəraitindən asılı olaraq müəyyən edilir və minimum 6 təqvim günü təşkil
edir. Əmək şəraiti nə qədər ağırdırsa, əlavə məzuniyyət günlərinin sayı da bir
o qədər artırıla bilər.
Zərərli və ağır iş şəraitində çalışan işçilərə
verilən əlavə məzuniyyət onların sağlamlığını qorumaq və iş şəraitindən yaranan
fiziki və psixoloji gərginliyi azaltmaq məqsədini daşıyır. Belə işçilər iş
yerində riskli şəraitdə çalışdığı üçün, qanunvericilikdə onların daha çox
istirahət etməsinə imkan yaradan xüsusi müddəalar nəzərdə tutulub.
İşçilərə zərərli və ağır iş şəraitində çalışdığına
görə əlavə məzuniyyət vermək üçün ilk öncə zərərli və ağır iş dedikdə nəyin nəzərdə
tutulduğunu bilmək lazımdır. Zərərli və ağır iş şəraiti nədir?
Zərərli və ağır iş şəraiti, işçinin gündəlik fəaliyyətində
sağlamlığına mənfi təsir göstərə bilən faktorların mövcud olduğu iş şəraitidir.
Bu iş şəraitinə aşağıdakılar aid edilə bilər:
Zərərli kimyəvi maddələrlə təmas,
Fiziki güc tələb edən ağır işlər,
Davamlı səs-küy, vibrasiya, yüksək və ya aşağı temperatur
şəraitində iş,
Radiasiya, toksinlər və digər zərərli maddələr və
s.
Bu cür işlər işçinin sağlamlığına mənfi təsir göstərə
bilər və uzun müddət belə şəraitdə çalışmaq işçinin daha çox istirahət etməsini
zəruri edir.
Əlavə məzuniyyətin bu növü AR Əmək Məcəlləsinin
115-ci maddəsi ilə tənzimlənir.
Maddə 115. Əmək şəraitinə və əmək funksiyasının
xüsusiyyətlərinə görə əlavə məzuniyyətlərin müddətləri
1. Yeraltı işlərdə çalışan, əmək şəraiti zərərli və
ağır, habelə əmək funksiyası yüksək həssaslıq, həyəcan, zehni və fiziki gərginliklə
bağlı olan işçilərə əməyin şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə
əlavə məzuniyyətlər verilir. Əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə
görə əlavə məzuniyyətin müddəti 6 təqvim günündən az olmamalıdır.
2. Əmək şəraitinə və əmək funksiyasının xarakterinə
görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin
siyahısı əlavə məzuniyyətlərin müddəti göstərilməklə müvafiq icra hakimiyyəti
orqanı tərəfindən təsdiq edilir.
Zərərli
və ağır iş şəraitində çalışan işçilərə əlavə məzuniyyət verilməsi onların işdə
fiziki və psixoloji sağlamlığını qorumaq üçün vacibdir. Uzun müddət zərərli
mühitdə işləyən işçilərin daha çox istirahət etməsi onların sağlamlığını
qoruyur, məhsuldarlığını artırır və işdən erkən yorulmağın qarşısını alır. Belə
işçilərə verilən əlavə məzuniyyət, həm də iş yerlərində təhlükəsizlik
standartlarının yüksək səviyyədə saxlanmasına kömək edir, çünki yorğun işçilər
zərərli iş şəraitində daha çox risklə üzləşə bilərlər.
2. Uzun
müddətli iş stajı olan işçilərə əlavə məzuniyyət:
Əmək Məcəlləsinə
görə işçilərə əmək stajından asılı olaraq əlavə məzuniyyət hüquqları verirli.
İş stajına görə əlavə məzuniyyət işçilərin uzunmüddətli xidmətlərini dəyərləndirir
və onları əmək fəaliyyətində daha sabit qalmağa həvəsləndirir. Eyni zamanda, bu
əlavə məzuniyyət işçinin uzun müddət ərzində yığdığı yorğunluğu aradan
qaldırmağa kömək edir və işçi sağlamlığının qorunması üçün də əhəmiyyətli rol
oynayır.
Bu əlavə
məzuniyyətin müddəti 2 gündən 6 günə qədər dəyişir və bu rəqəm artan iş stajına
uyğun olaraq artır. İş stajı dedikdə işçinin işlədiyi iş müddətinə əsaslanır.
Burada işçinin fasiləsiz fəaliyyəti və ya iş yerini dəyişdiyi halda ümumi iş təcrübəsi
nəzərə alına bilər.
İş
stajına görə əlavə məzuniyyət işçinin əsas məzuniyyətinə əlavə edilir və işəgötürənlə
işçi arasında razılaşdırılaraq birləşdirilə və ya ayrı-ayrı istifadə edilə bilər.
Bu məzuniyyətin ödənişi işçinin ortalama əmək haqqına əsaslanaraq hesablanır və
məzuniyyətə çıxma haqqı tam olaraq saxlanılır.
Müəssisələrdə
işçilərə iş stajına görə əlavə məzuniyyətin verilməsi AR Əmək Məcəlləsinin
116-cı maddəsi ilə tənzimlənir:
Maddə 116. Əmək stajına görə əlavə məzuniyyətlərin
müddətləri və verilmə qaydası
1. Əmək stajından asılı olaraq işçilərə:
beş ildən on ilədək əmək stajı olduqda — 2 təqvim
günü;
on ildən on beş ilədək əmək stajı olduqda — 4 təqvim
günü;
on beş ildən çox əmək stajı olduqda — 6 təqvim günü
müddətində əlavə məzuniyyət verilir.
2. Əmək stajına görə əlavə məzuniyyətin müddəti
işçinin bir müəssisədə işəgötürənlə əmək müqaviləsi bağlayaraq faktik olaraq
işlədiyi dövrə əsasən müəyyən edilir. Bu əmək stajına işçinin əmək müqaviləsi
üzrə faktik işlədiyi müddətdən başqa yalnız əmək qabiliyyətini müvəqqəti
itirdiyi, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan hallarda iş
yeri və orta əmək haqqı saxlanıldığı dövrlər daxil edilir.
3. Əmək stajına görə (o cümlədən əmək şəraitinə görə)
əlavə məzuniyyətlər bu Məcəllənin 118, 119, 120 və 121-ci maddələrində göstərilən
işçilərə verilmir.
(Maddə 118-ə əsasən, Pedaqoji və elmi fəaliyyətlə məşğul
olan işçilərə, Maddə 119-a əsasən Fizioloji keyfiyyətləri ilə bağlı əsas məzuniyyət
müddəti 42 və 35 gün təyin olunan işçilərə, Maddə 120-ə əsasəm Azərbaycan xalqı qarşısında xüsusi xidmətləri olan
işçilərə, Maddə 121-ə əsasən Teatr-tamaşa və bunlara uyğun digər müəssisələrin
işçilərinə əmək stajına görə əlavə məzuniyyət verilmir.)
3.
Uşaqlı qadınların əlavə məzuniyyətləri:
Əmək Məcəlləsinin
117-ci maddəsi, uşaqlı qadınların əmək hüquqlarının qorunmasına və onların ailə
vəziyyətinə uyğun olaraq daha rahat iş şəraitində fəaliyyət göstərmələrinə
imkan yaradan hüquqi təminatları əhatə edir. Bu məzuniyyətlər, qadınların həm
iş həyatını, həm də ana olma vəzifələrini daha rahat şəkildə idarə etmələri
üçün nəzərdə tutulmuşdur.
Uşaqlı
qadınların əlavə məzuniyyət hüquqları AR Əmək Məcəlləsinin 117-ci maddəsi ilə tənzimlənir:
Maddə
117. Uşaqlı qadınların əlavə məzuniyyətləri
1. Əsas
və əlavə məzuniyyətlərin müddətindən asılı olmayaraq, 14 yaşınadək iki uşağı
olan qadınlara 2 təqvim günü, bu yaşda üç və daha çox uşağı olan, həmçinin 18
yaşınadək əlilliyi müəyyən edilmiş uşağı olan qadınlara isə 5 təqvim günü müddətində
əlavə məzuniyyət verilir.
2.
Uşaqlarını təkbaşına böyüdən ataların, həmçinin uşaqları övladlığa götürmüş şəxslərin
bu maddənin birinci hissəsində nəzərdə tutulan əlavə məzuniyyət hüququ vardır.
3. Bu
maddə ilə müəyyən edilmiş əlavə məzuniyyət hüququ müvafiq təqvim ilinin sonunadək
uşaqlardan birinin 14 yaşı tamam olduğu hallarda da saxlanılır.
4. Bu
maddə ilə müəyyən edilmiş əlavə məzuniyyətlər bu Məcəllənin 118, 119, 120 və
121-ci maddələrində göstərilən işçilərə verilmir.
(Maddə 118-ə əsasən, Pedaqoji və elmi fəaliyyətlə məşğul
olan işçilərə, Maddə 119-a əsasən Fizioloji keyfiyyətləri ilə bağlı əsas məzuniyyət
müddəti 42 və 35 gün təyin olunan işçilərə, Maddə 120-ə əsasəm Azərbaycan xalqı qarşısında xüsusi xidmətləri olan
işçilərə, Maddə 121-ə əsasən Teatr-tamaşa və bunlara uyğun digər müəssisələrin
işçilərinə əmək stajına görə əlavə məzuniyyət verilmir.)
4.
Azərbaycan
Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərin əlavə
məzuniyyəti:
Əmək Məcəlləsinin
118-1-ci maddəsi, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində
çalışan mütəxəssislərə əlavə məzuniyyət hüququnun verilməsini tənzimləyir. Bu
maddə, həmin ərazilərdə işləyən mütəxəssislərin daha çətin və xüsusi şəraitdə
işlədikləri üçün onlara əlavə istirahət günlərinin verilməsi məqsədini daşıyır.
Azərbaycanın
işğaldan azad edilmiş əraziləri hazırda bərpa və quruculuq işləri ilə bağlı
çoxsaylı layihələrin həyata keçirildiyi bölgələrdir. Bu ərazilərdə çalışan mütəxəssislər
bir çox infrastruktur, iqtisadi və sosial layihələrdə iştirak edirlər. Çətin şərait
və böyük məsuliyyət nəzərə alınaraq, Azərbaycan qanunvericiliyi bu mütəxəssislərin
əmək hüquqlarını xüsusi qaydalarla təmin edir.
Bu əlavə
məzuniyyət hüququ AR Əmək Məcəlləsinin 118-1-ci maddəsi ilə tənzimlənir:
Maddə
118-1. Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən
mütəxəssislərin əlavə məzuniyyəti
Azərbaycan
Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərə bu Məcəllənin
21-1-ci maddəsi nəzərə alınmaqla əsas və əlavə məzuniyyətlərin müddətindən
asılı olmayaraq 5 təqvim günü müddətində əlavə məzuniyyət verilir.
Əmək Məcəlləsinin
118-1-ci maddəsi, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində
işləyən mütəxəssislərin xüsusi şəraitdə işlərini nəzərə alaraq onlara əlavə məzuniyyət
hüququ verilməsi ilə bağlı mühüm hüquqi təminatdır. Bu əlavə məzuniyyət, həmin
mütəxəssislərin iş şəraitinin çətinliyini kompensasiya edir və onların bərpa və
quruculuq işlərində daha effektiv iştirakını dəstəkləyir.
Əlavə əmək
məzuniyyəti işçilərin sağlamlığını, işgüzar fəaliyyətini və şəxsi həyatını
balanslaşdırmaq üçün Əmək Məcəlləsində nəzərdə tutulmuş vacib bir hüquqdur. Zərərli
və ağır iş şəraitində çalışanlar, uzun müddət eyni iş yerində işləyənlər,
uşaqlı qadınlar və işğaldan azad edilmiş ərazilərdə çalışan mütəxəssislər kimi
kateqoriyalara aid olan işçilərə bu hüquq əlavə istirahət günləri şəklində
verilir. Hər bir işçinin əlavə məzuniyyət hüququ iş şəraitindən və statusundan
asılı olaraq dəyişir və bu məzuniyyətlər işçinin iş həyatını asanlaşdırmaq,
onun əmək qabiliyyətini və motivasiyasını qorumaq üçün mühüm rol oynayır.
Beləliklə,
əlavə məzuniyyət işçinin həm hüquqlarının qorunması, həm də işəgötürənlə işçi
arasında münasibətlərin daha sağlam qurulması üçün vacib bir mexanizmdir.