"Cari vergi ödəmələrinin
hesablanması haqqında" arayış Vergi Məcəlləsinin 151-ci maddəsinə əsasən
hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən tərtib olunmaqla təqdim edilir.
Qaydaya əsasən, vergi ödəyicisi il ərzində cari vergi ödəmələrinin məbləğini müəyyənləşdirməyin
iki mümkün metodundan birini seçir və hər il aprel ayının 15-dək bu barədə
vergi orqanına məlumat verməlidir. Vergi Məcəlləsinin 151.1-ci maddəsində
nəzərdə tutulmuş metodda hər ödəmənin məbləği əvvəlki vergi ilində hesablanmış
vergi məbləğinin 1/4 hissəsini təşkil edir. Vergi Məcəlləsinin 151.2-ci
maddəsində nəzərdə tutulmuş metodda isə vergi ödəmələrinin məbləği bu rübdəki
gəlirin həcmini onun keçən ilin ümumi gəlirində (gəlirdən çıxılan məbləğlər
nəzərə alınmadan) verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla
müəyyənləşdirilir.
Vergi ödəyicisi cari vergi ödəmələrinin məbləğini müəyyənləşdirmək üçün Vergi
Məcəlləsinin 151.2-ci maddəsindəki metodu seçdiyi halda, mənfəətdən və ya
gəlirdən hesablanmış cari vergi məbləği barədə arayışı (cari və ya
dəqiqləşdirilmiş) hər rüb başa çatdıqdan sonra 15 gün ərzində vergi orqanına
təqdim etməlidir. Vergi ödəyicisi cari vergi ödəmələrinin məbləğini
müəyyənləşdirmək üçün tətbiq etdiyi metod barədə məlumat vermədiyi halda, vergi
orqanı birinci metodu tətbiq edir və həmin metod vergi ilinin sonunadək
dəyişdirilmir.Bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatlar mənfəət
vergisini yerli büdcəyə (bələdiyyə büdcəsinə) ödədikləri üçün onlar tərəfindən
dövlət vergi orqanlarına arayış təqdim edilmir.