ARƏM-nin 133-cü maddəsinin 1-ci bəndində deyildiyi kimi,
istehsalın və işin normal gedişini tənzimləmək, məzuniyyətlərin uçotunun düzgün
aparılmasını təmin etmək məqsədi ilə hər il yanvarın sonunadək əmək məzuniyyətlərinin
verilməsi üçün növbəlilik cədvəlləri tərtib edilə bilər.
Məzuniyyət cədvəlində əsas aşağıdakı məlumatlar əks
etdirilməlidir:
1) İşçilərin siyahısı: məzuniyyət qrafikində əmək
müqaviləsi əsasında fəaliyyət göstərən bütün işçilərin siyahısı əks etdirilməlidir.
2) Məzuniyyət günlərinin sayı: Məzuniyyət cədvəlində
işçiyə düşən məzuniyyət günlərinin sayı göstərilir.
ARƏM-nin 137-ci maddəsinin 1-ci bəndinə əsasən, əmək
məzuniyyəti işçinin arzusu və işəgötürənin razılığı ilə hissələrə bölünərək
verilə bilər, bu şərtlə ki, məzuniyyətin bölünmüş hissələrindən birinin müddəti
iki təqvim həftəsindən az olmasın. Əmək məzuniyyətinin bir hissəsindən istifadə
edildiyi hallarda onun qalan hissəsi həmin məzuniyyətin verildiyi iş ili bitənədək
və ya təqvim ilinin sonunadək, yaxud işçinin arzusu ilə növbəti iş ilinin əmək
məzuniyyətinə birləşdirilib verilir. Bu zaman məzuniyyət cədvəlinə yeni sütun əlavə
edirik. İşəgötürənin təşəbbüsü ilə məzuniyyət hissələrə bölünərək verilirsə, o
zaman müvafiq xanalarda İşçilərin razılığını təsdiq edən imzalar olmalıdır.
Nəzərə alaq ki, hər bir İşəgötürən özünə uyğun şəkildə
məzuniyyət cədvəli tərtib edə bilər.