ARƏM-nin 133-cü maddəsinin 1-ci bəndində deyildiyi kimi,
istehsalın və işin normal gedişini tənzimləmək, məzuniyyətlərin uçotunun düzgün
aparılmasını təmin etmək məqsədi ilə hər il yanvarın sonunadək əmək məzuniyyətlərinin
verilməsi üçün növbəlilik cədvəlləri tərtib edilə bilər.
Məzuniyyət cədvəlində
əsas aşağıdakı məlumatlar əks etdirilməlidir:
1) İşçilərin
siyahısı: məzuniyyət qrafikində əmək müqaviləsi əsasında fəaliyyət göstərən
bütün işçilərin siyahısı əks etdirilməlidir.
2) Məzuniyyət günlərinin
sayı: Məzuniyyət cədvəlində işçiyə düşən məzuniyyət günlərinin sayı göstərilir.
ARƏM-nin 137-ci
maddəsinin 1-ci bəndinə əsasən, əmək məzuniyyəti işçinin arzusu və işəgötürənin
razılığı ilə hissələrə bölünərək verilə bilər, bu şərtlə ki, məzuniyyətin
bölünmüş hissələrindən birinin müddəti iki təqvim həftəsindən az olmasın. Əmək
məzuniyyətinin bir hissəsindən istifadə edildiyi hallarda onun qalan hissəsi həmin
məzuniyyətin verildiyi iş ili bitənədək və ya təqvim ilinin sonunadək, yaxud
işçinin arzusu ilə növbəti iş ilinin əmək məzuniyyətinə birləşdirilib verilir.
Bu zaman məzuniyyət cədvəlinə yeni sütun əlavə edirik. İşəgötürənin təşəbbüsü
ilə məzuniyyət hissələrə bölünərək verilirsə, o zaman müvafiq xanalarda İşçilərin
razılığını təsdiq edən imzalar olmalıdır.
Nəzərə alaq ki, hər
bir İşəgötürən özünə uyğun şəkildə məzuniyyət cədvəli tərtib edə bilər.