Dövlət orqanının, müəssisə, idarə və təşkilatın (bundan
sonra-təşkilatın) rəhbərinin sərəncamı (əmri) ilə işçinin daimi iş yerindən müəyyən
olunmuş müddətə başqa yerə xidməti tapşırığı yerinə yetirmək üçün getməsi xidməti
ezamiyyət sayılır. Təşkilatların işçilərinin ezamiyyətə göndərilməsi həmin
təşkilatların rəhbərləri tərəfindən müəyyən edilir və müvafiq əmrlə rəsmiləşdirilir.
Ezamiyyət 2 cür olur:
1. Daxili ezamiyyət
2. Xarici ezamiyyət
Ezamiyyələr zamanı
müvafiq əmrlə yanaşı, işçiyə bu qaydaların əlavəsinə uyğun olaraq
«Ezamiyyə vəsiqəsi» verilir. İşçilərin ezamiyyət müddəti təşkilatların rəhbərləri
tərəfindən müəyyən edilir, lakin yolda olduğu müddət hesaba alınmamaqla, bu
müddət 40 gündən yuxarı ola bilməz. Ezam olunan işçiyə ezamiyyətə getməzdən əvvəl
ezamiyyətin müddətinə uyğun olaraq pul avansı verilir. İşçi ezamiyyətdən qayıtdıqdan sonra ezamiyyət ilə əlaqədar
xərclədiyi vəsaitlərin məbləği haqqında avans hesabatını 3 gün ərzində təqdim etməlidir.