Bir müddətdir ki, yerli polis idarələrində müvəqqəti yaşayış qeydiyyatındakı vətəndaşların kütləvi şəkildə qeydiyyatının ləğvi proseduru çoxsaylı vətəndaşlara müxtəlif problemlər yaradır. Bununla yanaşı polis idarələrində müvəqqəti qeydiyyatları ləğv olunan bir sıra vətəndaşlar yeni şəxsiyyət vəsiqələrinin alınmasında və mövcud şəxsiyyət vəsiqələrinin istifadəsində də çətinliklərlə üzləşirlər. Belə ki, hazırda dövlət orqanlarının elektron informasiya sistemlərindən istifadə zamanı, eyni zamanda COVİD-19 infeksiyası əleyhinə vaksinasiya üçün elektron növbə götürülməsi zamanı və digər bu kimi hallarla bağlı vətəndaşlar çətinliklərlə qarşılaşırlar.
Aidiyyatı qurumların mətbuata açıqlamaları
DİN Rayon Polis İdarələri tərəfindən vətəndaşların qeydiyyata alınması üçün yönləndirdikləri ASAN Xidmət Mərkəzləri qeydiyyata alınma ilə bağlı bu şəkildə açıqlama verib - "Vətəndaş iki halda ASAN Xidmət Mərkəzinə müraciət edərək yaşadığı yer üzrə qeydiyyata düşə bilə bilər. Birinci hal vətəndaşın özünün paytaxtda evinin olmasıdır. Əgər vətəndaşın mənzili yoxdursa, o, kirayə qaldığı mənzilin sahibinin, yaxud da qohumunun razılığı əsasında onların mənzilinə qeydiyyata alına bilər".[1]
Məsələnin həlli ilə bağlı səlahiyyətli orqan olan Daxili İşlər Nazirliyinin rəsmisinin açıqlaması bu şəkildə olub – “Heç bir yerdə qeydiyyata düşmək imkanı olmayan vətəndaşlar hazırda yaşadıqları ərazi üzrə polis idarəsinə müraciət edib yaşadıqları ünvanı bildirməlidirlər. Bu halda qeydiyyat məsələsinə təkrar baxıla bilər.”
Bəs yuxarıda göstərilən məsələlər üzrə hüquqi yanaşma necədir ?
«Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» qanunun [2] 5-ci maddəsi vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması ilə bağlı müddəaları özündə əks etdirir. Bu müddəalar qarşılıqlı və bir-birinə sıx əlaqəli olan iki hissədən ibarətdir.
Birinci hissədə nəzərdə tutulur ki, vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. İkinci hissədə isə müəyyən olunur ki, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Müvafiq dövlət orqanı vətəndaşı dərhal qeydə almalı və ona 10 gün ərzində «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında» Azərbaycan Respublikası Qanununa müvafiq olaraq şəxsiyyət vəsiqəsi verməlidir. Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi.
Bu müddəalardan göründüyü kimi, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» qanunun 5-ci maddəsində yaşayış yeri məlum olan vətəndaşların qeydiyyata alınması halları nəzərdə tutulur. Bu hallar vətəndaşa ilk dəfə şəxsiyyət vəsiqəsinin verilməsi, sonradan isə onun yaşayış yerinin dəyişdirilməsi ilə əlaqədardır.
Qanunun göstərilmiş maddəsində işlənilən «yaşadığı yerin müvafiq dövlət orqanı» sözləri dedikdə digər xüsusi qərar qəbul edilənədək Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin xüsusi orqanları (pasport-qeydiyyat qurumları) başa düşülür.
Vətəndaşın yaşadığı yerə gəldikdə isə, bunun müəyyən edilməsi üçün ilk növbədə onun faktiki yaşayış yeri, o cümlədən yaşayış yeri və olduğu yer nəzərə alına bilər. Belə ki, Mülki Məcəllənin 27.1-ci maddəsinə əsasən, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır.[3]
«Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» qanunun 2-ci maddəsinə görə, qanuni əsaslarla daimi və ya daha çox yaşadığı yer (ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri) hər hansı bir şəxsin yaşayış yeri hesab olunur. Onun yaşayış yeri sayılmayan müvəqqəti yaşadığı yer (mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə özünün, qohumunun, tanışının və başqa yaşayış binası) isə vətəndaşın olduğu yer sayılır. Yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır və yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir.
Həmin qanunun 1-ci maddəsinin ikinci hissəsinə əsasən yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Daimi və ya müvəqqəti yaşayış yeri haqqında qeydiyyat orqanlarının məlumatlandırılması vətəndaşın həm hüququ, həm də vəzifəsidir. Qeydiyyat orqanları isə qanunla müvəkkil olunurlar ki, vətəndaşın iradəsinə uyğun olaraq daimi və ya müvəqqəti yaşadığı yerin azad seçilməsi aktını təsdiq etsinlər. Buna görə vətəndaşların yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınması vətəndaşların özünə yaşayış yerini azad seçmək hüququnu pozmamalıdır.[4]
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 yanvar, 2003-cü il tarixli qərarına əsasən, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» qanunun, o cümlədən də onun 5-ci maddəsinin mətni, habelə «Azərbayan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında» qanunu ilə təsdiq edilmiş «Şəxsiyyət vəsiqəsinin təsviri»ndə vətəndaş haqqında məlumatların sırasında «yaşayış yeri» bölməsinin mövcudluğu yaşayış yeri olmayan vətəndaşa şəxsiyyət vəsiqəsinin verilməməsinə əsas vermir.
Həmin qərar ilə Konstitusiya Məhkəməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə yaşayış yeri olmayan vətəndaşların xüsusi yerlər üzrə qeydiyyatdan keçirilməsini və onlara Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin verilməsini təxirə salınmadan təşkil edilməsini tövsiyə etmişdir.
Yaşayış yeri olmayan vətəndaşlara şəxsiyyət vəsiqəsinin verilməməsi onların vətəndaşlıq hüququnun və ondan irəli gələn digər Konstitusiya hüquqlarının, o cümlədən cəmiyyətin və dövlətin siyasi həyatında iştirak etmək (Konstitusiyanın 54-cü maddəsi), dövlətin idarə olunmasında iştirak etmək (Konstitusiyanın 55-ci maddəsi), seçki (Konstitusiyanın 56-cı maddəsi), təhsil (Konstitusiyanın 42-ci maddəsi), dövlət orqanlarına müraciət etmək (Konstitusiyanın 57-ci maddəsi) və s. hüquqlarının pozulmasına səbəb ola bilər.
«Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında» qanunun 1-ci maddəsinin birinci hissəsinə görə, Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. [5] Bu sənəd sahibinə vətəndaşlıq hüququndan irəli gələn digər Konstitusiya hüquqlarını həyata keçirmək üçün imkan verir. Həmin hüquqlardan istifadə etmək üçün hər bir vətəndaşın Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi olmalıdır.
Göründüyü kimi, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi hər bir şəxsin öz vətəndaşlıq hüquqlarının həyata keçirilməsi üçün ən zəruri sənəddir. Təsadüfi deyil ki, vətəndaşlığı təsdiq edən digər sənədlərdən fərqli olaraq Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi onun sahibi haqqında daha ətraflı məlumatları özündə əks etdirir. Bu məlumatların sənəddə göstərilməsi şəxsiyyət vəsiqəsi sahibinin eyniləşdirilməsinə və digər vətəndaşlardan dəqiq ayrılmasına xidmət edir.
«Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında» qanunda vətəndaşa şəxsiyyət vəsiqəsinin verilməsindən imtina edilməsi üçün heç bir əsas göstərilməmişdir.
Beləliklə, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsini qanunla müəyyən olunmuş qaydada almaq hər bir vətəndaşın hüququ kimi, bu sənədin qanunsuz verilməməsi isə vətəndaşlıq hüququnun və ondan irəli gələn digər Konstitusiya hüquqlarının məhdudlaşdırılması kimi qəbul olunmalıdır. Lakin nəzərə alınmalıdır ki, yaşadığı yer üzrə müvafiq dövlət orqanına şəxsiyyət vəsiqəsinin alınması üçün müraciət etmək eyni zamanda vətəndaşın vəzifəsidir.
Bu bloqda paylaşılan məqalələr hüquqi məsləhət və rəy xarakteri daşımır. Bloqda yayımlanan yazılar bloqun deyil, yalnız həmin yazının müəllifinin fikirlərini əks etdirir. Əlaqədar məsələ üzrə hüquqi dəyərləndirmənin və məsləhətin əldə edilməsi üçün bizə müraciət edə bilərsiniz: [email protected], Tel: 0512302919