Konsultasiya üçün zəng
+994 51 230-29-21

Boşanma

Ailə – qan qohumluğu və nikah vasitəsilə iki və ya daha çox insanı birləşdirən ittifaqdır. Cəmiyyətin təməli və özəyi olan Ailə dövlətin xüsusi himayəsindədir. Ailəni səciyyələndirilən xüsusiyyətlərdən ən əsası onun üzvlərinin hüquq və vəzifələridir, bu da dövlət tərəfindən ailə hüquq normaları tənzimlənir. 

Ən əsası sosial institut kimi ailə müxtəlif xarakterli insanların birgə yaşamasından ibarətdir ki, bəzən ər və ya arvad arasındakı ailə münasibətləri bir çox səbəblərdən pozulur və nəticə etibarı ilə nikahın pozulması-boşanma ilə nəticələnir. Statik göstəricilərə görə Azərbaycanda boşanmaların sayı son 3 ildə 60% artmışdır. Bu səbəbdən cəmiyyətdə hal-hazırda aktual məsələ boşanma prosesidir. Boşanma prosesi necə olur? Proses neçə müddət davam edir? Boşanmaq üçün hara və ya kimə müraciət olunmalıdır? 

Ailə Məcəlləsinə görə ər (arvadın) və ya onların hər ikisinin ərizəsi əsasında, eləcə də məhkəmə qaydasında boşana bilərlər. Göründüyü kimi nikahın pozulması üçün müvafiq icra hakimiyyət orqanına (qeydiyyat orqanları) və ya məhkəməyə müraciət olunmalıdır. Qeydiyyat orqanlarında boşanma yalnız ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olmadıqda, onların razılığı əsasında olur.  Ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah yalnız məhkəmə qaydasında pozulur.  Bəs boşanma ilə bağlı məhkəmədən qabaq hara müraciət olunmalıdır? 01 iyul 2021-ci il tarixdə “Mediasiya haqqında” Qanunun qüvvəyə minməsi ilə ailə münasibətlərinə dair mübahisələrin həllində mübahisənin razılaşma yolu ilə həll olunması üçün məhkəmədən öncə mediatora müraciət olunmalıdır.  Mediasiyada   ər və arvad razılığa gəlməzlərsə onlara mediasiya prosesində iştirakla bağlı arayış təqdim olunur. Bu arayış verildikdən sonra artıq tərəflər məhkəməyə müraciət edə bilər. Ər və ya arvad boşanma ərizəsi və ona əlavə olunmuş zəruri sənədlərlə qarşı tərəfin qeydiyyatda olduğu yer üzrə məhkəməyə müraciət etməlidir. Məhkəməyə müraciət üçün 100 manat məbləğində dövlət rüsumu da ödənilməlidir. Mülki Prosessual Məcəllənin tələbinə görə ərizə verən şəxsin- iddiaçının himayəsində azyaşlı olduqda özünün yaşadığı yerdə yerləşən məhkəməyə də müraciət edə bilər. Ümumilikdə boşanma ilə bağlı ərizələrə rayon və şəhər məhkəmələrində baxılır. Məhkəmə prosesində ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Ailə Məcəlləsinin tələbinə əsasən tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar nikahın pozulmasında təkid etdikdə nikah pozulur.  

Bəs ərin (arvadın) boşanma ilə bağlı hüquqları məhdudlaşdırıla bilir? Ailə Məcəlləsinin 15-ci maddəsinə görə arvadın hamiləliyi dövründə və ya uşağın doğulmasından sonra 1 il müddətində arvadın razılığı olmadan ər nikaha xitam verilməsi barədə iddia qaldıra bilməz.                                                                                          

Boşanmaq istəyənləri maraqlandıran əsas məsələlərdən biri də məhkəməyə müraciət edərkən hansı sənədlərin təqdim olunması ilə bağlıdır. Məhkəməyə boşanmaq üçün müraciət edərkən ilk növbədə boşanma barədə ərizə-iddia ərizəsi məhkəməyə təqdim olunmalıdır. Ərizədə müraciət olunan məhkəmənin adı, ər-arvad barədə məlumatlar- ad, soyad, ata adları, qeydiyyat ünvanları, nə zaman nikaha daxil olduqları, birgə uşaqlar varsa, onların yaşı, ərizə verən şəxsin niyə boşanmaq istədiyi və boşanma tələbi ilə birlikdə baxıla bilən digər tələbləri. qeyd olunmalıdır. Bundan başqa ərizədə müvafiq qanun və məcəllələrin normalarına da istinad oluna bilər. Son olaraq ərizə mütləq boşanmaq istəyən şəxs tərəfindən imzalanmalıdır. Ərizə ilə yanaşı digər zəruri sənədlər- nikah haqqında şəhadətnamə, doğum haqqında şəhadətnamə, cavabdehin yaşayış yeri barədə arayış, şəxsiyyət vəsiqələrinin surəti və dövlət rüsumunun ödənilməsi barədə qəbz məhkəməyə təqdim olunur. Əgər məhkəmə zamanı vəkil və ya nümayəndə çıxış edəcəksə, bu zaman mütləqdir ki, ərizəyə etibarnamə və ya vəkil orderi əlavə olunmalıdır.          

          Boşanma ərizəsinə baxarkən məhkəmə tərəfindən başqa hansı məsələlər həll olunur? Yuxarıda da qeyd olunduğu kimi boşanma ərizəsində digər tələblər irəli sürülə bilər ki, bu halda nikah məhkəmə qaydasında pozularkən, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməli, uşaqlar üçün aliment tutmalı, tərəflərin tələbi üzrə ər-arvadın birgə mülkiyyətində olan əmlakın bölgüsünü aparmalıdır. Aliment və uşağın yanında qalma tələbi daha çox qadınlar, yəni arvad boşanmaq üçün müraciət etdikdə olunur.                                        Yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması məhkəmə tərəfindən necə həll olunur? Bununla bağlı mübahisə həll edilərkən ilk öncə uşağın üstün mənafeyi rəhbər tutulmaqla məhkəmə tərəfindən uşağın yaşı, onun fikri, uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı, valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri, valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər və digər hallar nəzərə alınır. Bir qayda olaraq yetkinlik yaşına çatmayan uşaqlar sadalananlara əsasən ananın yanında saxlanılır. Əgər uşaqların kimin yanında qalması ilə bağlı tərəflər razılığa gəlməzlərsə bu zaman məhkəmə təşəbbüsü ilə müvafiq qəyyumluq və himayəçilik orqanının iştirakı təmin olunur. 10 yaşına çatmış uşağın mənafeyi nəzərə alınaraq hansı valideynlə qalmaq barədə fikri məhkəmə tərəfindən mütləq nəzərə alınır. Məhkəmə qərar qəbul edərkən həmçinin 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər.  

       Ailə Məcəlləsinin 75-ci maddəsi ilə uşaqların saxlanması məsələləri tənzimlənir və maddənin tələbinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Əgər bu vəzifə valideyn tərəfindən yerinə yetirilmirsə bu zaman uşaqların saxlanması üçün vəsait – yəni aliment məhkəmə qaydasında tutulur. Bəs aliment tutulması ilə bağlı hansı qaydalar nəzərdə tutulmuşdur? Belə ki, aliment tərəflərin maddi və ailə vəziyyət, uşağın əvvəlki təminatının səviyyəsi nəzərə alınmaqla məhkəmə qaydasında 2 formada tutulması müəyyən edilmişdir:

- aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında;

- sabit pul məbləğində.

        Aylıq qazanca görə aliment 1 uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi, 2 uşağa görə - qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi, 3 və daha çox uşağa görə - qazancın (başqa gəlirlərin) yarısı qədər hər ay tutulur. Əgər aliment ödəyənin qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün deyildirsə, alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən oluna bilər. Sabit pul məbləğində aliment dedikdə “Yaşayış minimumu haqqında” Qanunda uşaqlar üçün müəyyən olunmuş məbləğ nəzərdə tutulur və məhkəmələr tərəfindən sabit pul məbləğində aliment tutularkən bir qayda olaraq əsas götürülür. Hal-hazırda sabit pul məbləğində aliment 2022-ci il üzrə uşaqlar üçün yaşayış minimumu məbləği kimi 193 manatdır. 

Alimentlə bağlı ən maraqlı məqamlardan biri də budur ki, Ailə qanunvericiliyinin tələbinə görə boşanmadan da tərəflər aliment tələbi ilə məhkəməyə müraciət edə bilərlər. Uşaqlardan başqa ər-arvad da bir-birinin saxlanmasına görə aliment tələbi irəli sürə bilərlər və bu aliment də sabit pul məbləğində müəyyən olunur. Ümumilikdə aliment tutulması ilə bağlı ərizələrə bir qayda qalaraq məhkəmə tərəfindən 2 ay müddətində baxılır. 


Получи ценовое предложение

Пишите онлайн!
Обычно отвечает в течение часа

Привет 👋

Чем мы можем вам помочь?
23:38
×
Пишите онлайн!