Bir müddətdir ki, yerli polis idarələrində müvəqqəti
yaşayış qeydiyyatındakı vətəndaşların kütləvi şəkildə qeydiyyatının ləğvi
proseduru çoxsaylı vətəndaşlara müxtəlif problemlər yaradır. Bununla yanaşı
polis idarələrində müvəqqəti qeydiyyatları ləğv olunan bir sıra vətəndaşlar
yeni şəxsiyyət vəsiqələrinin alınmasında və mövcud şəxsiyyət vəsiqələrinin istifadəsində
də çətinliklərlə üzləşirlər. Belə ki, hazırda dövlət orqanlarının elektron
informasiya sistemlərindən istifadə zamanı, eyni zamanda COVİD-19 infeksiyası əleyhinə
vaksinasiya üçün elektron növbə götürülməsi zamanı və digər bu kimi hallarla
bağlı vətəndaşlar çətinliklərlə qarşılaşırlar.
Aidiyyatı
qurumların mətbuata açıqlamaları
DİN Rayon Polis İdarələri tərəfindən
vətəndaşların qeydiyyata alınması üçün yönləndirdikləri ASAN Xidmət Mərkəzləri
qeydiyyata alınma ilə bağlı bu şəkildə açıqlama verib - "Vətəndaş iki halda ASAN Xidmət
Mərkəzinə müraciət edərək yaşadığı yer üzrə qeydiyyata düşə bilə bilər. Birinci
hal vətəndaşın özünün paytaxtda evinin olmasıdır. Əgər vətəndaşın mənzili
yoxdursa, o, kirayə qaldığı mənzilin sahibinin, yaxud da qohumunun razılığı əsasında
onların mənzilinə qeydiyyata alına bilər".[1]
Məsələnin həlli ilə bağlı səlahiyyətli
orqan olan Daxili İşlər Nazirliyinin rəsmisinin açıqlaması bu şəkildə olub – “Heç
bir yerdə qeydiyyata düşmək imkanı olmayan vətəndaşlar hazırda yaşadıqları ərazi
üzrə polis idarəsinə müraciət edib yaşadıqları ünvanı bildirməlidirlər. Bu
halda qeydiyyat məsələsinə təkrar baxıla bilər.”
Bəs yuxarıda göstərilən məsələlər üzrə hüquqi yanaşma necədir ?
«Yaşayış yeri və olduğu yer üzrə
qeydiyyat haqqında» qanunun [2]
5-ci maddəsi vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması ilə bağlı müddəaları
özündə əks etdirir. Bu müddəalar qarşılıqlı və bir-birinə sıx əlaqəli olan iki
hissədən ibarətdir.
Birinci hissədə nəzərdə tutulur
ki, vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi
verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. İkinci hissədə isə müəyyən
olunur ki, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən
sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına
müraciət etməlidir. Müvafiq dövlət orqanı vətəndaşı dərhal qeydə almalı və ona
10 gün ərzində «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi
haqqında» Azərbaycan Respublikası Qanununa müvafiq olaraq şəxsiyyət vəsiqəsi
verməlidir. Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizə-anketlə birlikdə
aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum
haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət
qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order,
icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində
nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin
ərizəsi.
Bu müddəalardan göründüyü kimi,
«Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» qanunun 5-ci maddəsində
yaşayış yeri məlum olan vətəndaşların qeydiyyata alınması halları nəzərdə
tutulur. Bu hallar vətəndaşa ilk dəfə şəxsiyyət vəsiqəsinin verilməsi, sonradan
isə onun yaşayış yerinin dəyişdirilməsi ilə əlaqədardır.
Qanunun göstərilmiş maddəsində işlənilən
«yaşadığı yerin müvafiq dövlət orqanı» sözləri dedikdə digər xüsusi qərar qəbul
edilənədək Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin xüsusi
orqanları (pasport-qeydiyyat qurumları) başa düşülür.
Vətəndaşın yaşadığı yerə gəldikdə
isə, bunun müəyyən edilməsi üçün ilk növbədə onun faktiki yaşayış yeri, o cümlədən
yaşayış yeri və olduğu yer nəzərə alına bilər. Belə ki, Mülki Məcəllənin
27.1-ci maddəsinə əsasən, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri
sayılır.[3]
«Yaşayış yeri və olduğu yer üzrə
qeydiyyat haqqında» qanunun 2-ci maddəsinə görə, qanuni əsaslarla daimi və ya
daha çox yaşadığı yer (ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən
sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri,
xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri) hər hansı bir
şəxsin yaşayış yeri hesab olunur. Onun yaşayış yeri sayılmayan müvəqqəti
yaşadığı yer (mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist
bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə özünün, qohumunun,
tanışının və başqa yaşayış binası) isə vətəndaşın olduğu yer sayılır. Yetkinlik
yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların
qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin
və ya qəyyumların yaşayış yeri sayılır və yaxud qəyyumların və ya himayəçilərin
razılığı ilə müəyyən edilir.
Həmin qanunun 1-ci maddəsinin
ikinci hissəsinə əsasən yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə
xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən
edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Daimi və ya müvəqqəti yaşayış yeri haqqında qeydiyyat
orqanlarının məlumatlandırılması vətəndaşın həm hüququ, həm də vəzifəsidir.
Qeydiyyat orqanları isə qanunla müvəkkil olunurlar ki, vətəndaşın iradəsinə
uyğun olaraq daimi və ya müvəqqəti yaşadığı yerin azad seçilməsi aktını təsdiq
etsinlər. Buna görə vətəndaşların yaşayış yeri və olduğu yer üzrə qeydiyyata
alınması vətəndaşların özünə yaşayış yerini azad seçmək hüququnu pozmamalıdır.[4]
Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin 31 yanvar, 2003-cü il tarixli qərarına əsasən, «Yaşayış yeri və
olduğu yer üzrə qeydiyyat haqqında» qanunun, o cümlədən də onun 5-ci maddəsinin
mətni, habelə «Azərbayan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi nümunəsinin
təsdiq edilməsi haqqında» qanunu ilə təsdiq edilmiş «Şəxsiyyət vəsiqəsinin təsviri»ndə
vətəndaş haqqında məlumatların sırasında «yaşayış yeri» bölməsinin mövcudluğu
yaşayış yeri olmayan vətəndaşa şəxsiyyət vəsiqəsinin verilməməsinə əsas vermir.
Həmin
qərar ilə Konstitusiya Məhkəməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə
yaşayış yeri olmayan vətəndaşların xüsusi yerlər üzrə qeydiyyatdan keçirilməsini
və onlara Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin verilməsini
təxirə salınmadan təşkil edilməsini
tövsiyə etmişdir.
Yaşayış yeri olmayan vətəndaşlara
şəxsiyyət vəsiqəsinin verilməməsi onların vətəndaşlıq hüququnun və ondan irəli
gələn digər Konstitusiya hüquqlarının, o cümlədən cəmiyyətin və dövlətin siyasi
həyatında iştirak etmək (Konstitusiyanın 54-cü maddəsi), dövlətin idarə
olunmasında iştirak etmək (Konstitusiyanın 55-ci maddəsi), seçki
(Konstitusiyanın 56-cı maddəsi), təhsil (Konstitusiyanın 42-ci maddəsi), dövlət
orqanlarına müraciət etmək (Konstitusiyanın 57-ci maddəsi) və s. hüquqlarının
pozulmasına səbəb ola bilər.
«Azərbaycan Respublikası vətəndaşının
şəxsiyyət vəsiqəsi haqqında» qanunun 1-ci maddəsinin birinci hissəsinə görə, Azərbaycan
Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq
edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. [5] Bu
sənəd sahibinə vətəndaşlıq hüququndan irəli gələn digər Konstitusiya
hüquqlarını həyata keçirmək üçün imkan verir. Həmin hüquqlardan istifadə etmək
üçün hər bir vətəndaşın Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi
olmalıdır.
Göründüyü kimi, Azərbaycan
Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi hər bir şəxsin öz vətəndaşlıq
hüquqlarının həyata keçirilməsi üçün ən zəruri sənəddir. Təsadüfi deyil ki, vətəndaşlığı
təsdiq edən digər sənədlərdən fərqli olaraq Azərbaycan Respublikası vətəndaşının
şəxsiyyət vəsiqəsi onun sahibi haqqında daha ətraflı məlumatları özündə əks
etdirir. Bu məlumatların sənəddə göstərilməsi şəxsiyyət vəsiqəsi sahibinin
eyniləşdirilməsinə və digər vətəndaşlardan dəqiq ayrılmasına xidmət edir.
«Azərbaycan Respublikası vətəndaşının
şəxsiyyət vəsiqəsi haqqında» qanunda vətəndaşa şəxsiyyət vəsiqəsinin verilməsindən
imtina edilməsi üçün heç bir əsas göstərilməmişdir.
Beləliklə, Azərbaycan Respublikası
vətəndaşının şəxsiyyət vəsiqəsini qanunla müəyyən olunmuş qaydada almaq hər bir
vətəndaşın hüququ kimi, bu sənədin qanunsuz verilməməsi isə vətəndaşlıq
hüququnun və ondan irəli gələn digər Konstitusiya hüquqlarının məhdudlaşdırılması
kimi qəbul olunmalıdır. Lakin nəzərə alınmalıdır ki, yaşadığı yer üzrə müvafiq
dövlət orqanına şəxsiyyət vəsiqəsinin alınması üçün müraciət etmək eyni zamanda
vətəndaşın vəzifəsidir.
Bu bloqda paylaşılan məqalələr hüquqi məsləhət və rəy xarakteri daşımır. Bloqda
yayımlanan yazılar bloqun deyil, yalnız həmin yazının müəllifinin fikirlərini əks
etdirir. Əlaqədar məsələ üzrə hüquqi dəyərləndirmənin və məsləhətin əldə
edilməsi üçün bizə müraciət edə bilərsiniz: [email protected], Tel:
0512302919