Əmək məzuniyyəti

   Hər bir işçinin normal istirahəti, əmək qabiliyyətinin bərpası, sağlamlığının mühafizəsi və möhkəmləndirilməsi üçün əmək məzuniyyətinə çıxması əsas amillərdən biridir. 

Bəs “Məzuniyyət hüququ həqiqətən də hər işçiyə şamil olunurmu?” “ Məzuniyyət hüququ nə zaman yaranır?”Məzuniyyətin hesablanma qaydası” “Məzuniyyət ərizəsi necə yazılır?” tipli suallar sizi düşündürə bilər. 

   Bu bloqda siz bütün suallarınıza cavab tapacaqsınız. 

 

   Elə isə hamını ən çox maraqlandıran suallardan biri olan “Məzuniyyət hüququ həqiqətən də hər işçiyə şamil olunurmu?” sualı ilə başlayaq:

 

   Əgər sizin işlədiyiniz yerdə artıq 6 ay tamam olmuşdursa, sizin əmək məzuniyyəti hüququnuz yaranır. Yəni, çalışdığı yerdə minimum 6 ay stajı olan hər bir işçinin əmək məzuniyyətinə çıxmaq hüququ var. 

Əmək məzuniyyəti hər il müvafiq iş ili üçün verilir. İş ili işçinin işə götürüldüyü gündən başlanır və növbəti ilin həmin günü başa çatır. Əgər işçinin iş ili onun əmək məzuniyyətinə çıxmaq üçün müraciət etdiyi vaxtda başlanmayıbsa, onda ona əmək məzuniyyəti yalnız iş ili başlanandan sonra verilə bilər. Bir iş ilinə görə yalnız bir əmək məzuniyyəti verilə bilər. Təqvim ili ərzində işçinin iki iş ilinə görə məzuniyyət hüququ olduqda o, həmin təqvim ilində hər iki iş ilinə görə məzuniyyətdən birlikdə və ya ayrı-ayrılıqda istifadə edə bilər.

 

   Bəzi hallarda isə əmək müqaviləsinin bağlandığı vaxt nəzərə alınmadan, yəni 6 ay tamam olmadan, işin birinci ili üçün əmək məzuniyyətindən aşağıdakı işçilərin istifadə etmək hüququ vardır:

   1. qadınların hamiləliyə və doğuşa görə — sosial məzuniyyətdən bilavasitə əvvəl, yaxud sonra;

   2. on səkkiz yaşına çatmamış işçilərin;

   3. müddətli hərbi xidmətdən buraxıldıqdan 3 ay keçənədək işə götürülən işçilərin;

   4. əsas iş yerində məzuniyyətə çıxan əvəzçilik üzrə işləyənlərin;

   5. hərbi qulluqçu arvadının (ərinin);

   6. təhsil müəssisələrində oxuyan şəxslərin — kurs işlərinin və ya imtahanların verildiyi, diplomun müdafiə edildiyi vaxtda;

   7. əlilliyi olan şəxslərin.

 

   Müəllimlər, pedaqoji işçilərin məzuniyyətləri necə təyin olunur?

Bilavasitə təlim-tədris prosesində iştirak edən pedaqoji işçilərə işə girdikləri vaxtdan asılı olmayaraq əmək məzuniyyətləri, bir qayda olaraq, məktəblərdə yay tətili dövründə verilir.

 

   Məzuniyyətin hansı növləri var?

 

1. İşçilərin məzuniyyət hüququ aşağıdakı məzuniyyət növləri ilə təmin edilir:

  a) əsas və əlavə məzuniyyətlərdən ibarət olan əmək məzuniyyəti;

  b) sosial məzuniyyət; 

  c) təhsilini davam etdirmək və elmi yaradıcılıqla məşğul olmaq üçün verilən təhsil və yaradıcılıq məzuniyyəti;

  ç) ödənişsiz məzuniyyət.

2. Əmək müqaviləsində, habelə kollektiv müqavilələrdə məzuniyyətlərin digər növləri nəzərdə tutula bilər.

 

 

   İstənilən zaman məzuniyyətə çıxa bilərsinizmi?

Əgər sizin məzuniyyətə çıxmağınız istehsalın və işin normal gedişinə heç bir mənfi təsir etmirsə, bu zaman, bəli.

Bunu təmin etməyin asan olmadığı bəllidir, və buna görə də məzuniyyətlərin uçotunun düzgün aparılmasını təmin etmək məqsədi ilə hər il yanvarın sonunadək əmək məzuniyyətlərinin verilməsi üçün növbəlilik cədvəlləri tərtib edilə bilər.

Əmək məzuniyyətini üçün tərtib olunan cədvəllər isə ilk öncə işçinin rəyi öyrənilməklə işəgötürən tərəfindən təsdiq olunur. 

 

   Bəzən isə məzuniyyət verilən zaman digər işçilərə üstünlük verilir. Həmən işçilər hansılardır?

  • 14 yaşınadək iki və daha çox uşağı olan və ya sağlamlıq imkanları məhdud uşağı olan qadınlara; 
  • 16 yaşınadək uşaqları təkbaşına böyüdən valideynə və ya qəyyuma;
  • hərbi qulluqçunun arvadına (ərinə);
  • əlillərə;
  • müharibə veteranlarına;
  • Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması zamanı radioaktiv şüalanmaya məruz qalaraq sağlamlığı pozulmuş və ya şüalanma xəstəliyinə düçar olmuş şəxslərə;
  • yaşı on səkkizdən aşağı olan işçilərə;
  • işləməklə yanaşı təhsil alan şəxslərə;
  •            Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda xəsarət (yaralanma, travma, kontuziya) alan işçilərə, Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanlarına,Azərbaycanın Milli Qəhrəmanlarına, Sovet İttifaqı Qəhrəmanlarına, 1941-1945-ci illər müharibəsində döyüş əməliyyatlarında iştirak etmiş, habelə hərbi xidmətdə olmuş, lakin döyüş əməliyyatlarında iştirak etməmiş hərbi qulluqçulara, İstiqlal ordeni ilə, habelə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün müdafiəsi ilə bağlı digər dövlət təltifləri ilə təltif olunmuş işçilərə.


  Məzuniyyətə çıxan zaman, hər bir işçi məzuniyyət ərizəsi yazmalıdır.

Məzuniyyət ərizəsi necə yazılmalıdır?

Sizə məzuniyyət ərizəsi nümunəsi təqdim edirik:



 


Məzuniyyətin müddəti nə qədərdir?

Hər bir işçiyə il ərzində neçə gün məzuniyyət verilə bilər?

 

   İşçilərə ödənişli əsas məzuniyyət 21 təqvim günündən az olmayaraq verilməlidir.

 

 Aşağıdakı işçilərə ödənişli əsas məzuniyyət 30 təqvim günü müddətində verilməlidir:

   1. kənd təsərrüfatı məhsullarının istehsalında çalışan işçilərə;

   2. məsul vəzifələrdə (vəzifənin məsulluğu işin xüsusiyyətləri nəzərə alınmaqla işəgötürən tərəfindən müəyyən edilir) qulluq keçən dövlət qulluqçularına, müəssisənin rəhbər işçilərinə və mütəxəssislərinə;

   3. xüsusi təhsil müəssisələri istisna olmaqla, təhsil müəssisəsində pedaqoji iş aparmayan rəhbər işçilərə və inzibati-tədris heyəti işçilərinə, habelə məktəbdənkənar uşaq müəssisələrinin rəhbərlərinə; 

   4. təhsil müəssisələrinin metodistlərinə, baş ustalarına, istehsalat təlimi ustalarına, təlimatçılarına, kitabxanaçılarına, laborantlarına, emalatxana rəhbərlərinə, dayələrə, dəyişək xidmətçilərinə, bədii rəhbərlərinə; 

   5. elmi dərəcəsi olmayan elmi işçilərə;

   6. həkimlərə, orta tibb işçilərinə və əczaçılara.

 

   Natamam iş vaxtı (natamam iş günü və ya natamam iş həftəsi) şəraitində işləyən işçilərə əmək məzuniyyəti tam iş vaxtı şəraitində işləyən işçilərə verilən əmək məzuniyyəti müddətində, yerinə yetirdikləri və ya çalışdıqları vəzifəyə uyğun olaraq verilir.

 

  Mövsümi işlərdə çalışan işçilərə əsas məzuniyyət, bir qayda olaraq, mövsümün sonunda hər iş ayına görə iki təqvim günündən az olmayan müddətə verilir.

 

 

İşçilərin həm də ödənişsiz, yəni məzuniyyətdə olduqları dövr üçün əmək haqqından heç bir məbləğ almadan, öz hesablarına da məzuniyyətə çıxmaq hüquqları var. Bunu nə zaman istifadə etmək olar?

 

 Qohumluq borcunun yerinə yetirilməsi ilə bağlı ailə, məişət və başqa sosial məsələləri təxirə salmadan həll etmək, təhsil almaq, yaradıcı elmi işlə məşğul olmaq üçün, habelə yaşına, fizioloji keyfiyyətlərinə görə işdən ayrılmaq zərurəti olduqda işçinin ödənişsiz məzuniyyətlərdən istifadə etmək hüququ vardır.

  Ödənişsiz məzuniyyətlər işçilərin xahişi və ya tərəflərin qarşılıqlı razılığı ilə verilir. 

  İşəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər. 

 

 

   Məzuniyyət haqqında insanları ən çox maraqlandıran suallardan biri isə, Məzuniyyətin HesablanmasıMəzuniyyət Hesablanma qaydasıdır. 

 

  Məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyən edilir. 12 təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əmək haqqı onun faktik işlədiyi tam təqvim aylarına əsasən hesablanır.

  Məzuniyyət günlərinin əmək haqqını müəyyən etməkdən ötrü məzuniyyətdən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əmək haqqının məbləği tapılır və alınan məbləği ayın təqvim günlərinin orta illik miqdarına — 30,4-ə bölmək yolu ilə bir günlük əmək haqqının məbləği müəyyən edilir. Bu qayda ilə müəyyən edilmiş bir günlük əmək haqqının məbləği, məzuniyyətin müddətinin təqvim günlərinin sayına vurulur.

  Əmək müqaviləsində, kollektiv müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, məzuniyyət vaxtı üçün orta əmək haqqı müəyyən səbəbdən məzuniyyət başlanandan sonra ödənilmişdirsə, işçinin tələbi ilə məzuniyyətin başlanma vaxtı əmək haqqının faktik olaraq verildiyi gündən hesablanıla bilər.

 

Xidmət təklifi al

Onlayn yaz!
Adətən bir saat ərzində cavab verir

Salam 👋

Sizə necə kömək edə bilərik?
09:25
×
Sualınız var?